İkinci “Dayanıqlı Tikinti Zirvəsi” keçirildi | Fotolar

   İkinci “Dayanıqlı Tikinti Zirvəsi” keçirildi    | Fotolar
  11 Aprel 2025    Oxunub:635
“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirilib.
Zirvə bütöv günü əhatə etməklə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqlərindən, “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, PMO.az-ın dəstəyi ilə keçirilmiş vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfər rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadə açılış nitqində ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə etmənin vacibliyini vurğulayıb. O, dayanıqlı tikinti yanaşmalarının yalnız ekoloji deyil, həm də iqtisadi və sosial faydalar təmin edəcəyini qeyd edərək, bu istiqamətdə daha geniş əməkdaşlığa ehtiyac olduğunu bildirib.


“Green Public” startapının hə¬mtə¬sisçisi Tural Yusifovun moderatorluğu ilə keçirilmiş “Follow-up” adlı panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev olublar.

Paneldə şəhərsalma və inşaat sahəsində mövcud trendlər, dayanıqlı tikinti həlləri və layihə idarəçiliyinin əhəmiyyəti müzakirə olunub. Sözügedən sahədə yerli və beynəlxalq əməkdaşlığın inkişafı və innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov isə çıxışı zamanı vurğulayıb ki, müasir tikinti layihələri ekoloji tarazlığı qorumaqla yanaşı, uzunmüddətli sosial və iqtisadi fayda da təmin etməlidir.

Həmçinin “Scott Brownrigg” şirkətinin direktoru Darren Komber də dayanıqlı tikinti ilə bağlı solo çıxış edib. O, çıxışında dayanıqlı tikintinin önəmini vurğulamaqla yanaşı, bu sahədə yenilikçi yanaşmaların tələblərə uyğun olaraq inkişaf etdiyini qeyd edib.


“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov, “Huner Group”un təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunub. Həmçinin açıq və dərin müzakirələr zamanı aktual suallar cavablandırılıb və dayanıqlı tikintinin inkişafına dair yeni yanaşmalar təqdim edilib.

“The Builder’s Awards” təltifetmə mərasimində ölkəmizdə tikinti sektorunun inkişafına töhfə verən şirkətlər mükafatlandırılıb. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qaliblər elan edilib. Qaliblər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçilib.


Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşop keçirilib. Vörkşopda praktiki təcrübələr və real dünya nümunələri əsasında dayanıqlı inkişafın layihə idarəçiliyi sahəsində necə tətbiq olunduğu nümayiş etdirilib.

Zirvə “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, PMO.az Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə baş tutub.


Teqlər: Dayanıqlı-Tikinti-Zirvəsi  





Xəbər lenti